Valideynlər üçün bəzi məsləhətlər:
Övladınızda məsuliyyət hissini ona qarşı aşağıdakı davranışları sərgiləyərək formalaşdıra bilərsiniz:
– Səhv etməkdən qoxma. İnsana məsuliyyət verildikdə onda bu hiss formalaşmağa başlayır. Uşağınıza səhvlərindən ibrət götürərsə, yerinə yetirdiyi hər bir işdə daha çox müvəffəqiyyət qazanacağını başa salın. Məsələn, əgər övladınız televizordan olimpiya çempionu görür və deyir ki, mən də çempion olmaq istəyirəm. Siz ona bu idmançının nə qədər əziyyət çəkdiyini, işinə necə məsuliyyətli yanaşmasını izah etməli və deməlisiniz ki, bunu sən də bacararsan, əgər əzmli və məsuliyyətli olsan;
– Bu gün ev tapşırıqlarını təkbaşına etməyə çalış. Əgər övladınız siz olmadan ev tapşırıqlarını yerinə yetirə bilmirsə, ona təkbaşına etməyini, mütləq bacaracağını söyləyin. Çətinlik yaranacağı halda kömək edəcəyinizi izah edin. Yadınızda saxlayın ki, siz övladınıza ev tapşırıqlarını yazmağa sadəcə kömək edə bilərsiniz, onun yerinə edə bilməzsiniz. Bununla siz uşaqda nəinki qiymətlərinə görə məsuliyyət daşımağına, həmçinin sərbəst olmağına təkan verəcəksiniz;
– Ev işlərində sənin köməyinə ehtiyacım var. Məsələn, bu zibili bayıra atmaq, çörək almaq kimi xırda işlər ola bilər. Çalışın ki, bu işləri hər zaman övladınız etsin. Burada vacib olan övladınızın ev işlərinə cəlb olunmasını anlamasıdır;
– Yeməyini özün ye. Bəzi valideynlər uşağını məhz yeməyi üst-başına dağıtmasın deyə hələ də özü yedizdirir. Siz ona “çalış yeməyini üstünə tökmə, amma paltarın kirlənsə belə narahat olma” söyləyin. Əmin olun ki, o, ilk günlər paltarını kirlədəcək, lakin sonradan uşaqda bu vərdiş formalaşacaq və daha məsuliyyətli davranacaq;
– Məktəb çantanı özün hazır et. Ona məktəb çantasını axşamdan yığmağa şərait yaradın, daha sonra kontrol edin, lakin bunu elə edin ki, o görməsin. Çünki uşaq sizin yoxladığınızı görsə, “anam sonra baxıb unutduqlarımı yığacaq” deyə, məsuliyyətli yanaşmaya bilər. Çantasını yığarkən övladınız bir və ya iki dəfə bəzi şeyləri evdə unudacaq, lakin sonra bu onda çox səliqəli alınacaq;
– Bu gün mən gec gələcəm, pişiyin yeməyini sən ver. Əgər ev heyvanınız varsa, uşağınıza heyvanların vaxtında qidalanmalarının vacibliyini izah edin. Daha sonra o, siz olmadan belə bu məsələni diqqətdə saxlayacaq;
– Əllərini yu. Həyətdə oynadıqdan sonra əllərimizi yumağın vacibliyini, mikrobların olduğunu uşağınıza başa salın. Uşağınız bayırdan içəri girdiyi zaman əllərini özü yuyacaq;
– Çarpayının üzərini özün yığ. Müəyyən yaşdan sonra səhər yuxudan durduqda çarpayının yığılmasını uşağın öhdəsinə buraxın;
– Oyuncaqlarını yerinə yığ. Otağındakı oyuncaqları ilə oynadıqdan sonra onları yerinə yığmağı özünə tapşırın.
Mənbə: e-psixoloq.az