Məlumdur ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Bakalavr adını qazanmış şəxslər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında abituriyentin öz məlumatları ilə qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd edilən tarixlərdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Sizi maraqlandıran və maraqlandıracaq bəzi sualların cavablarını təqdim edirik:
1. Bakalavriat səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb, uyğun səhifəyə keçid edin.
2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyat etməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.
3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə sıxın və açılan pəncərədə əvvəlcə elektron poçt ünvanını, açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
5. Bakalavriat səviyyəsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi, bakalavriat səviyyəsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimi etməlisiniz.
6. Şəxsi məlumatlarımı necə doldurmalıyam?
Şəxsi məlumatlarınız avtomatik əks olunur. Siz əlavə olaraq faktiki yaşadığınız ünvan və rayon barədə məlumatları əl ilə daxil etməlisiniz. Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxssinizsə və Azərbaycan Respublikasında fərdi identifikasiya nömrəniz yoxdursa, müəyyən şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər.
7. Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunub. Mobil nömrəni və elektron poçt ünvanını dəyişmək istəsəniz “Tənzimləmələr” bölməsinə keçid edib sizə aid olmayan məlumatı dəyişə bilərsiniz.
8. Qəbul məlumatlarımı necə daxil etməliyəm?
Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyinin 146-6 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.
9. Sənədlərimi hansı formatda əlavə edim?
Tək-tək bir neçə səhifə yüklənmir. Sənədlərinizi PDF formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.
10. Hansı xanalar məcburidir?
Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
11. Əlavə sənədlər daxil etmək istəyirəm, amma xana sayı azdır.
“Digər sənəd” xanasının yanındakı “+” düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz. Müəssisə tərəfindən hər hansı əlavə sənəd tələb edilmirsə, həmin xanaya məlumat daxil etməyiniz məcburi deyil.
12. Təhsil haqqından azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəmmi?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Təhsil haqqından azad” addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
13. Təhsil tələbə krediti əldə etmək üçün müraciət etmək istəyirəm. Nə etməliyəm?
TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemində qeydiyyata düşməlisiniz, paralel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TKK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür.
14. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir. Kabinetinizə daxil olan bildirişləri yekun qərar verilənədək izləməyiniz vacibdir.
15. Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.
16. Təhsil haqqımı necə ödəməliyəm?
Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” statusu təyin edilməlidir. Müraciətiniz “ödəniş edilməlidir” statusu aldıqda tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin.
Hər birinizə uğurlar arzulayırıq!