Ali məktəblərə qəbul imtahanları başa çatdıqda, hər birinizin topladığı bal əsasında ixtisas seçmə vaxtı çatır. Bəs ixtisas seçimində nələrə fikir vermək lazımdır? Burada biz ixtisas seçiminin texniki tərəflərinə yox, bir çox insanın diqqətindən kənarda qalan psixoloji aspektlərinə nəzər salacağıq.
Abituriyentlər və onların valideynləri çox vaxt ixtisas seçimi edərkən bir neçə amilə diqqətini cəmləyib, digər amilləri isə nəzərə almırlar. Bu isə gənclərin gələcəkdə öz potensialını yetərli dərəcədə reallaşdıra bilməməsinə və nəticədə məyus olmasına gətirib çıxarır.
Hər bir yetkin insan həftə içi gününün 8 saatını, başqa sözlə, üçdə bir hisəsini işdə keçirir. Seçdiyimiz ixtisas gələcəkdə bizim hər gün nə işlə məşğul olacağımızı, hansı emosiyalar keçirəcəyimizi, hansı tip insanlarla ünsiyyətdə olacağımızı müəyyən edir. Adətən, maksimum və ya maksimuma yaxın bal toplayan abituriyentlər digərlərindən fərqli olaraq müsabiqənin gərginliyindən uzaq olur və öz seçimini daha rahat edirlər. Lakin onların da seçim etməzdən əvvəl bu məqaləni oxuması məsləhətdir. Təcrübə göstərir ki, ali məktəblərə yüksək balla qəbul olan bir çox tələbə sonradan peşmanlıq keçirir, təhsilə və ixtisa marağı azalır.
 
Seçdiyiniz ixtisası dərindən tədqiq edinBəzi peşələr kənardan çox cəlbedici görünür və gənclər bir çox halda səthi məlumatlar əsasında bu tip ixtisaslara istiqamətlənirlər. Lakin onları yaxından tədqiq etsəniz, iş rejimi ilə tanış olsanız, bu peşələr haqqında fikriniz dəyişə bilər. Məsələn, polis və ya prokurorluq işçiləri, həkimlər, aktyorlar, biznes menecerlər və digər peşə sahibləri sizə kənardan cəlbedici görünə və Sizdə bu peşələrə həvəs yarada bilər. Lakin unutmamalısınız ki, baxdığınız filmlərdə, eşitdiyiniz əhvalatlarda bu peşələrin ən həyəcan verici, maraqlı tərəfləri qabardılır, iş prosesindəki yuxusuz gecələr, uzun, bəzən darıxdırıcı və stressli iş rejimi arxa planda qalır. Araşdırmalar göstərir ki, seçdiyi ixtisas insanın bilikləri ilə yanaşı, onun xarakterinə də uyğun gəldikdə o öz işində daha uğurlu olur. Buna görə də qərar verməzdən öncə yönəlmək istədiyiniz ixtisaslar barədə ətraflı məlumat toplayın, araşdırmalar aparın, tanıdığınız insanlar arasında bu sahədə çalışanlarla söhbət edin, onlardan sizi öz iş yerlərinə aparmalarını və iş rejimi ilə tanış etmələrini xahiş edin. İxtisaslar haqqında nə qədər ətraflı məlumatınız olsa, qərarınız bir o qədər sağlam olar.
 
Öz peşə maraqlarınızı təhlil edin. Həyatda heç nə təsadüfi deyil. Oxuduğunuz kitablar, baxdığınız filmlər və iştirak etdiyiniz söhbətlərdə sizi ən çox maraqlandıran mövzuların, sizə cəlbedici görünən obrazların siyahısını tərtib edin. Onların hansı ixtisaslarla və hansı tip həyat tərzi ilə əlaqədar olduğunu müəyyən etməyə çalışın. Maraqlandığınız mövzular sizin gizli arzularınızdan xəbər verə bilər. Bəzən biz həyatımızdakı qərarları ailəmizin və ya sosial mühitin təsiri ilə veririk və öz maraqlarımızın fərqinə varmırıq. Bu hallarda reallaşmayan həqiqi maraqlarımız bizə rahatlıq vermir, daim diqqətimizi dağıdır, iş başında xəyallara dalmağımıza səbəb olur ki, bu da tam gücümüzlə seçdiyimiz ixtisasda inkişaf etməyimizə imkan vermir. Bəzən elə ola bilər ki, bizim maraqlarımız və bacarıqlarımız üst-üstə düşməsin. Məsələn, ola bilər ki, sizin incəsənət və idman kimi xüsusi istedad tələb edən sahələrə güclü marağınız olsun, amma müvafiq qabiliyyətləriniz zəif olsun. Unutmayın ki, incəsənət dünyası ancaq sənətkarlardan, idman dünyası isə yalnız idmançılardan ibarət deyil. Siz bacarıqlarınıza uyğun ixtisaslar seçməklə gələcəkdə bu sahələrə menecer, dizayner, jurnalist, texniki işçi və başqa tip mütəxəssis kimi də daxil ola bilərsiniz.
 
Peşə meyllərinizin fərqinə varınTəbii ki, yalnız marağın olması bir peşəni seçmək üçün yetərli səbəb deyil. Belə ki, biz saatlarla oturub futbola baxa bilərik, bu mövzuda söhbət edərik, amma komanda toplayıb oynamağa ərinə bilərik. Yaxud saatlarla təbiət haqqında sənədli filmə baxsaq da heyvanlara toxunmaq istəməyə bilərik. Beləliklə, peşə maraqlarımızla yanaşı, peşə meyllərimiz də əhəmiyyətlidir. Gündəlik həyatınızda həvəslə gördüyünüz işlər, xarakterinizdəki bəzi cizgilər sizin peşə meyllərinizdən xəbər verə bilər. Məsələn, əgər siz heyvanları və ya bitkiləri sevirsinizsə və hər gün onlara qulluq etməyə məmnuniyyətlə vaxt ayırırsınızsa, sizin biologiya sahəsində daha uğurlu ola biləcəyinizi ehtimal etmək olar. Kompüter və ya mobil cihazlarda hamının bildiyi funksiyalardan istifadə etməklə kifayətlənməyib, proqramların dərinliklərinə nüfuz edə bilirsinizsə, niyə də proqram təminatı mütəxəssisi olmayasınız? Kiçik yaşlı bacı-qardaşınıza dərslərini oxumaqda məmnuniyyətlə kömək etməyiniz sizdəki pedaqoq potensialından, valideynlərinizin sizə verdikləri pulu planlı və qənaətlə xərcləməyiniz isə iqtisadçı düşüncəsindən xəbər verə bilər.
 
Hərtərəfli düşünün, praqmatik qərar verinSizin hər hansı peşəyə bariz marağınız və ya meyliniz yoxdursa, bu halda əmək bazarındakı vəziyyəti və inkişaf tendensiyalarını təhlil edib onun əsasında qərar qəbul edə bilərsiniz. Qərar verməzdən əvvəl cəmiyyətin, qlobal və yerli iqtisadiyyatın inkişaf istiqamətləri barədə məqalələr oxuyun, ekspert şərhlərini dinləyin. Seçmək istədiyiniz ixtisasın aid olduğu sektorun həcmi, əhəmiyyəti, gəlirliliyi və perspektivini müəyyən etməyə çalışın. Öz bacarıqlarınıza və topladığınız bala uyğun olan ən düzgün qərarı verməyə çalışın. Seçdiyiniz ixtisası dərindən öyrəndikcə, özünüzdə ona uyğun bacarıqları inkişaf etdirdikcə onu sevməyə başlayacaqsınız.
 
Qəti qərar verin və israr edin. Amerikalı psixoloq Barry Schwartz “Seçimin paradoksu” adlı kitabında seçim çoxluğunun insanların qərar verməsini çətinləşdirdiyini bildirir. Onun fikrincə, cəmiyyət insanlara o qədər seçim verir ki, fərdlər artıq nəyisə seçib onun üzərində sonuna qədər dura bilmir. Hətta iradə göstərib bir qərar verdikdən sonra belə digər seçimlər yadımızdan çıxmır və qarşımıza çıxan ilk çətinlikdə və ya yaşadığımız ilk məyusluqda öz qərarımıza heyifsilənir və peşmanlıq çəkirik. Bu hal adi məişət əşyaları seçimindən tutmuş, dost, peşə, ali məktəb, hətta həyat yoldaşı seçimlərimizdə də özünü göstərə bilir. Hər gün dünyada baş verən yeniliklər, internetdə, xüsusən də sosial mediada məruz qaldığımız məlumat “bombardımanı”, başqalarının həyəcan verici hekayətləri bizi təzyiq altına salır, haradasa daha yaxşı həyatın olduğu barədə aldadıcı təəssürat yaradır. Bu illüziyalar bizim yaşadığımız həyatın, oxuduğumuz məktəbin və peşəmizin dəyərini gözümüzdə azaldır, məyusluq yaradır. Bu halda əsas məsuliyyət hər kəsin öz üzərinə düşür. Uğur – diqqətini öz hədəfinə yönəldib israrla yolunda irəliləyənlərindir. Unutmayın ki, bütün peşələr dəyərlidir. Sizin peşəkarlıq səviyyəsiniz artdıqca həm qazancınız, həm də işinizdən aldığınız zövq artacaq. Bunun üçün isə zamana ehtiyac var.
 
Sizin üçün mühüm olan dəyərləri müəyyən edin. Hər bir insanın öz dəyərləri var. Kimisi üçün mühüm olan dəyərlər, digər bir insan üçün o qədər də əhəmiyyətli olmaya bilər. Həyatımızda və karyeramızda dəyərlərimiz nə qədər geniş ifadə olunarsa, biz özümüzü bir o qədər xoşbəxt hiss edərik, işimizdə məhsuldar olarıq. İxtisas seçimi, ailə qurmaq kimi həyati qərarların verərilməsində dəyərlərimiz nəzərə alınmadıqda gördüyümüz iş və hətta ümumilikdə həyat bizə mənasız və darıxdırıcı gəlir və biz deyingən, qəmgin, əsəbi insanlara çevrilirik. Psixoloq Anthony Robbins dəyərlərə əsasən qərar vermək üçün sadə bir metod təklif edir. Əvvəlcə aşağıdakı dəyərləri bir kağızda alt-alta yazın:
· Sevgi
· Entuziazm/mənəvi coşqu
· Qarşılıqlı ünsiyyət
· Hörmət/hörmət qazanma istəyi
· Əyləncə
· Fərdi inkişaf (psixoloji, intellektual)
· Dəstək/başqalarına dəstək olma və ya kömək etmə
· Çətinlikləri aşma (fiziki və ya psixoloji)
· Yaradıcılıq
· Gözəllik
· Cazibədarlıq/diqqət mərkəzi olmaq
· Kollektiv ruhi bütünlük
· Sərbəstlik/azadlıq
· Düzgünlük/vicdanlılıq
 
Siyahıya daxil olmayan, amma sizin üçün əhəmiyyətli olan başqa dəyərləri də bura daxil edə bilərsiniz. Sonra bu dəyərlər arasında sizin üçün ən əhəmiyyətli olan dördünü seçin. Bəzi insanlar pul, ev, səyahət kimi anlayışları da dəyər kimi qəbul edir. Nəzərə almaq lazımdır ki, bunlar özü-özlüyündə dəyər deyil, amma hansısa dəyəri ifadə edir. Məsələn, pul və ya yüksək vəzifə sizin üçün hörmət, güc, təhlükəsizlik, bahalı avtomobil isə komfort, diqqət mərkəzi olmaq kimi dəyərləri ifadə edə bilər. Əhəmiyyətli hesab etdiyiniz dörd dəyəri seçdikdən sonra onların sizin üçün hansı duyğuları ifadə etdiyini müəyyən edin və hər birinin qarşısında həmin duyğuları qeyd edin. Məsələn, sevgi bir çox insan üçün qarşılıqlı anlayış, qayğı və dəstək kimi duyğuların birləşməsidir, entuziazm özünü məmnuniyyətlə işinə həsr etmək, çətinlikləri aşma isə qələbə, güc və dəyərlilik duyğusunu ifadə edir. Hər bir insan üçün bu dəyərlər fərqli duyğuları ifadə edə bilər. Sizin dəyərlərinizin arxasında duran duyğuları müəyyən etdikdən sonra seçmək istədiyiniz ixtisas və peşənin gələcəkdə sizə nə dərəcədə bu duyğuları yaşamağa imkan yaradacağını da müəyyən edin. İşiniz sizin üçün əhəmiyyətli olan dəyərlərin nə qədər çoxunu reallaşdırmağa imkan verərsə, siz özünüzü o qədər xoşbəxt hiss edəcəksiniz və bir o qədər də məhsuldar və dəyərli mütəxəssisə çevriləcəksiniz.
 
Xoşbəxtliyin bütün səviyyələrini nəzərə alın. Qədim yunan alimi Aristotelin fikrincə insan xoşbəxtliyinin dörd səviyyəsi var. Birinci səviyyədə insan maddi sərvətlərə sahib olmaq istəyir, ikinci səviyyədə özünü başqaları ilə müqayisə edir və onlardan üstün olmağa, yəni daha güclü, daha varlı, daha yüksək karyeraya sahib olmağa çalışır. Üçüncü səviyyədə başqa insanlara faydalı olmağa çalışır, dördüncü səviyyədə isə dünyanı dərk etmək, mütləq həqiqəti anlamaq, kainatla bütünləşmək istəyir.
İlk iki səviyyədəki arzular normal olsa da, insan özünü onlarla məhdudlaşdırdıqda eqosunun çərçivəsindən kənara çıxa bilmir, digər insanlara rəqib kimi baxır, buna görə də məğlubiyyət qorxusu, paxıllıq kimi duyğuların əsarətinə düşür, özünü daim stresli hiss edir, nə qədər sərvəti olsa da, rahatlıq tapmır, çox insandan üstün və zəngin olsa da, özündən üstün olan birini axtarıb tapır və yenə də məyus olur.
Biz xoşbəxtliyin üçüncü və dördüncü səviyyələrinə qalxdıqda qorxularımızdan azad olur, digər insanlara dost və müttəfiq kimi baxırıq. Hər bir insanın əsas məqsədi məhz bu səviyyədəki xoşbəxtliyə nail olmaqdır. Buna görə də həyatınızı və karyeranızı planlaşdırarkən xoşbəxtliyin bütün səviyyələrini nəzərə alın. Dünyadan istədiklərinizi müəyyən edərkən bunların qarşılığında dünyaya nələr verəcəyinizi də düşünün. Özünüzə elə bir ixtisas və ya peşə seçin ki, öz maddi təminatınızla yanaşı, başqalarına da faydalı ola, peşəniz vasitəsilə özünüzü və dünyanı dərk edib aydınlana biləsiniz.