Məlum olduğu kimi, aprelin 16-da Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonunda, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 7-dən etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 201 imtahan binası, 3582 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 567 imtahan rəhbəri və ümumi rəhbər, 4483 nəzarətçi-müəllim, 663 buraxılış rejimi əməkdaşı (mühafizə), 201 bina nümayəndəsi ayrılıb.
İmtahanda 48049 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Mənbə: dim.gov.az
_______
MHM Tədris Mərkəzinin Abituriyent şöbəsi tərəfindən şagirdlərə ödənişsiz təqdim olunan qruplara qoşulmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
Telegram
Qruplarımızı ətrafınızla paylaşıb, daha çox şəxsə dəstək olmağımıza dəstək ola bilərsiniz!