Bu bayram dünyanın 100-dən çox
ölkəsində qeyd olunur.
Beynəlxalq Müəllimlər
Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də
vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı
tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən
artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda
isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev
vermişdir.
Müəllim
peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını
müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli
və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə
olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul
eimişdir.
Azərbaycan müəllimlərinin XI
qurultayında geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: “Azərbaycan
müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə
olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola
bilərdimi?” Ümummilli lider müəllimlərin əməkhaqlarının artırılması, onlara
fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar imzalamışdır.
Ulu öndərin siyasi kursunun uğurlu
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına,
müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə
yanaşmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu
ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Hələ 2004-cü ildə cənab
Prezidentimiz “2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində
pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi ilə bağlı xüsusi
sərəncam imzalamışdır. Bu gün Təhsil Nazirliyi müəllimlərin seçilməsi və işə
təmin edilməsi sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi
istiqamətirndə bir sıra əhəmiyyətli addımlar atır.
Cəmiyyətdə belə bir fikir formalaşıb
ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki ,
müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima,
ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək
qiymətləndirib. Təhsil naziri Misir Mərdanov Azərbaycan müəllimlərinin 2008-ci
il sentyabrın 22-də keçirilən XIII qurultayındakı məruzəsində demişdir: “Təkcə
son beş ildə 700-dən çox təhsil işçisi Prezident sərəncamları ilə dövlət
təltifinə layiq görülmüşdür ki, bu da bütövlükdə sovet dövründə təltif
olunanların sayından xeyli artıqdır. Elə Beynəlxalq Müəllimlər Günü ərəfəsində
(30 sentyabr 2009-cu il) cənab Prezident “Azərbaycan Respublikasında təhsilin
inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi
haqqında” sərəncam imzalamışdır. Bu sərəncama əsasən müəllimlərin bir qrupu
“Əməkdar müəllim” fəxri adına layiq görülmüş, yaxud “Tərəqqi” medalı ilə təltif
olunmuşdur. Göründüyü kimi, müəllim əməyinə dövlət qayğısı bu gün də diqqət
mərkəzindədir.
Bir maraqlı məqama da diqqət yetirmək
lazımdır. Bu vaxta kimi Təhsil Nazirliyi özü ən yaxşı müəllimləri
mükafatlandırır, müəllimlər arasında keçirilən müsabiqə qalibləri “ilin ən
yaxşı müəllimi” fəxri adı ilə təltif olunurdu. Lakin 2008-ci ildən
etibarən ölkənin tarixində ilk dəfə olaraq Prezidentin sərəncamı ilə hər il
ölkədə “ən yaxşı ümumtəhsil məktəbi”, “ən yaxşı müəllim” nominasiyaları üzrə
ümumrespublika müsabiqəsi keçirilir və qalib məktəblər 10000 manat, müəllimlər
isə 5000 manat məbləğində mükafatlandırılır. Bu yaxınlarda 2009-cu ilin
qalibləri də müəyyənləşdirilmiş və Prezidentin xüsusi sərəncamı ilə
mükafatlandırılmışlar. Bu müsabiqələrin keçirilməsi müəllimlər arasında sağlam
rəqabəti gücləndirmiş, onların yaradıcılıq və təşəbbüskarlıq meyllərini
artırmışdır. Belə müsabiqələrin keçirilməsi həm də təhsilin keyfiyyətinin
yüksəlməsinə müsbət təsir göstərir.
Azərbaycanda müəllim kadrlarının
hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində
olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz müəllim kadrları hazırlamaq
sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti ilə yanaşı, son illər
Azərbaycan Müəllimlər İnstitutu və onun filialları da yüksək ixtisaslı müəllim
kadrları hazırlayırlar. Bir vaxtlar M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu
adlanan, hazırda Bakı Pedaqoji Kolleci adı ilə fəaliyyət göstərən təhsil
ocağının bu sahədəki fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır.
Son statistikaya görə, ölkədə 4546
təhsil müəssisəsində 1 milyon 700 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 166
min 764 nəfər pedaqoji işçi məşğul olur. Uşaqlarımızın təhsil və tərbiyəsi ilə
məşğul olan bu insanların əməyi bir də ona görə çox əhəmiyyətlidir ki, onlar
müstəqil Azərbaycanımızın gələcəyinin qurucularını hazırlayırlar.
Ancaq ölkədə pedaqoji kadr çatışmazlığı
ilə bağlı problem hələ də qalmaqdadır. Bu gün ucqar rayonlardakı dağ
kəndlərində belə problemlər var və onun aradan qaldırılması üçün dövlətimiz
davamlı olaraq tədbirlər həyata keçirir. Bu barədə təhsil naziri Misir Mərdanov
müəllimlərin XIII qurultayında demişdir: “Əgər 5 il əvvəlki dövrə nəzər salsaq,
kənd yerlərində 7 min nəfərədək pedaqoji kadra ehtiyac yaranması ciddi
narahatlıq doğururdu. Bu problemin həllində Azərbaycan hökumətinin 2004-cü
ilin noyabrında təsdiq etdiyi “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı” mühüm rol oynadı.
Proqrama əsasən, indiyədək ucqar kənd məktəblərinə güzəştli şərtlərlə 4788
müəllim göndərilmişdir. 2009-cu ildə isə daha 1308 müəllimin ucqar kənd
məktəblərinə təyin olunması nəzərdə tutulur”. Söz yox ki, bu yerlərə
göndərilən müəllimlərə dövlət tərəfindən güzəştlər də edilir.
Son illər müəllimlərin peşəkarlığının
artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət
dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata
keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq
təşkilatlar, o cümlədən Britaniya Şurası, UNİSEF və digər qurumlarla Təhsil
Nazirliyinin əməkdaşlığı xeyli fayda vermişdir. Belə ki, 12 min müəllim müasir
təlim strategiyaları əsasında təşkil olunan treninqlərdən, öyrədici təlim
kurslarından keçirilmiş, eyni zamanda 950 nəfər xüsusi kurslar vasitəsilə
“məşqçi müəllim” kimi hazırlanmışdır.
Müəllimlər bu gün cəmiyyətimizin
nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və
ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası
müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi,
müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.
Heç şübhəsiz ki, müstəqil
Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün
imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz
xidmətlərini əsirgəməyəcəklər. Bayramınız mübarək, əziz müəllimlər!